среда, 26 октября 2011 г.

Artıq hündürlükdən qorxmuram...

Artıq hündürlükdən qorxmuram...


Nədənsə uşaqlıqdan hündürlükdən qorxardım. Sanki aşağı düşəcəm kimi hiss edərdim özümü. Ayaqlarım titrəyərdi. İndi də hündürlükdən aşağı baxıram. Səhv etmirəmsə Tamar körpüsü adlanır üzərində dayandığım bu körpü,amma qorxmuram. Birbaşa baxanda gözəllik göz oxşayır. Aşağı baxanda dəli Kür axır. Suyu yaman bulanlıqdı. Bəlkə dəlisovluğu tutub?! Amma yox sakit görsənir. Qoca bir balıqçı tilov atıb səbirsizliklə gözləyir. Bax, gözləri parıldadı deyəsən tilova balıq düşüb. Tez-tez tilovu çəkir. Təəssüf balıq deyilmiş. Birdə tilov atır. Buna mücadilə etmək deyirlər. O, tilovla mən həyatla mücadilə edirəm...
Tamar körpüsü yaxınlığındakı park. Heç bilmirəm bu park necə adlanır. Bir quş elə qəşəng oxuyur ki...Çox məlahətli səsi var. İnsana yorğunluğunu unutdurur. Sanki insanlara yaxşılıq edir və bundan zövq almış kimi oxuyur deyərdim. Bu səsin təsirində ətrafdakı izdihamı unudursan!
Həmişə rahat bir yerdə oturub yazı yazanda kimsə məni fikirlərimdən ayırır. Keçən dəfə bir xanım pul istəmişdi. Bu dəfə isə gənc bir oğlan məndən hansısa küçəni soruşdu. İnsana xoşbəxt olmaq üçün çox cüzi bir şey lazımdır, rahat yaşamaq! Tiflis ümumiyyətlə insanı dinləyən, rahatladan şəhərdir. Qarşımdakı skamyada cütlük oturub. Qıvırcıq saçlı xanım və kepkalı oğlan. Şirin-şirin söhbətləşirlər. Bizimkilərdə nə azdı bir-birini dinləyən...
Qorxu maraqlı və lazımlı hissdir. Amma mücadilə edirsənsə qorxmaman gərək. Mücadilədən qorxmuramsa demək ,Tamar körpüsünün hündürlüyündən də ona görə qorxmurramış. Sanki körpü belə üzərindən keçən insanları tanıyırmış...
P.S.
Eh, zaman öz işini görür. Xoş avazlı quşdan ayrılmaq məcburiyyətindəyəm. Çünki hazırlnmasını gözlədiyim eynəyimi götürməliyəm...

среда, 17 августа 2011 г.

Yaxşı insanın itkisi acı olur...


Onu ilk dəfə ikinci kursda oxuyanda görmüşdüm. Dolu, ortaboylu kişi idi. Tələbələr ondan çəkinirdi. Bu Cənab Qoqi Qeqeçqoridir deyirdilər. Çox ciddi lektor olduğunu eşitmişdim. İkinci kursda bizə cəzaçəkmə müəssisələrindən mühazirə oxuyurdu. Özü Cəzaçəkmə Müəssisələri Kollegiyasının üzvü, Professor idi. Moskvada təhsil almışdı. Daim tələbəlik illərindən danışır, oxumaq istəməyən uşaqları tənqid edirdi. Qarış-qarış gəzdiyi dünya ölkələrindən söhbət edərdi. Həqiqətən də onun leksiyasında heç kəsdən səs çıxmırdı. İlk baxışlarımda onun milliyətçi olduğunu sanırdım. Bir dəfə azərbaycanlı qadınların Navtluxi bazarında göy satdıqları vaxt, kişiləriniz çayxanalarda oturur demişdi. Bəyəm kişi daim qadının yanında olmamalıdır. Kiçik bir mübahisəmiz də düşmüşdü bu mövzuda. İkinci kursun yekun imtahanlarında bilirdik ki, nə qədər yaxşı hazırlaşsaq da əla qiymət yazan deyil. Elə də oldu.
Üçüncü kursda bizə artıq Kriminalistikadan mühazirə oxuyurdu. Vəziyyət tam dəyişmişdi. Onun üçün kursun ən yaxşı oxuyan tələbələr biz, üç nəfər azərbaycanlılar idik. Konspektlər hazırladırdı bizə. Hər dəfə mənim konspektlərimi oxuyanda gürcü məktəbini bitirib bitirmədiyimi soruşurdu. Azərbaycanlıların gürcü dilini belə qavramasını alqışlayıram söyləyirdi. Daim mənə Marneulidə universitet açılacaq və sən orda kriminalistikadan bu yazdığın konspektlərdən mühazirə oxuyarsan deyə məsləhət verirdi. Onun leksiyası olan günlər qrup tam olaraq auditoriyada olurdu. O qədər nizam-intizam yaratmışdı. Zarafatlarından da qalmırdı. Son zamanlar sağlamlığından şikayət edirdi. Üçüncü kursun yekun imtahanlarına yaxın universitetdən zəng gəldi. Xəstələnmişdi və imtahanların nəticəsini evindən gəlib götürmək üçün məni çağırtdırdığını dedilər. Onunla eyni binada tələbə yoldaşım Qiorqi yaşayır. Mən rayondan şəhərə gəlməkdənsə ordakı uşaqlardan biri götürər dedim. Ancaq heç kəsi qəbul etməyib, mənim getməyimi istəmişdi. Səhəri gün tələbə yoldaşım Muradla evinə getdik. Yataqda idi, çətin nəfəs alır, sözləri güclə deyirdi. Meyvədən zəhərləndiyini deyibmiş həkim. Rəngi ağappaq idi. Sanki həyatla vidalaşmağa hazırlaşırdı kimi gəldi mənə. Amma daha da əsəbiləşmişdi. Knyaz ailəsindən imiş. Biz gedəndə qardaşı xidmətində dururdu. Bildiyimizə görə evlənməmişdi, tək yaşayırdı. Nəticələri götürüb universitetə getdik. Hər şeyin qaydasında olduğundan əmin olmaq üçün dəfələrlə zəng vurdu. Çox məsuliyyətli insan idi. Ədalətsizliyi sevməzdi və bizi də belə öyrətmişdi. Sonuncu dəfə danışanda təşəkkürünü bildirdi nəticələri çatdırdığıma görə.
Bu günlərdə ona zəng vurmağı düşünürdüm Əhvalını öyrənim dedim. Yəqin indi yaxşılaşıb. Yeni dərs ilində onu yenidən gözləyirik. Dünən tələbə yoldaşım yazdı “Cənab Qoqi bir ay bundan əvvəl rəhmətə gedib. Bizə xəbər etməyiblər!” Sükuta qərq olmuşdum. Onunla bağlı xatirələrimiz canlandı gözümün önündə. O, artıq həyatda yoxdur. Bizi qadın koloniyasına aparacağına və öz tələbələrindən bir kriminalisti təcrübə üçün bizimlə görüşdürəcəyinə söz vermişdi. Ölüm ona verdiyi sözləri həyata keçirməyə imkan vermədi. Yeni dərs ilində Cənab Qoqinin duzlu-məzəli zaraftlarını duymayacağıq. Auditoriyamız, elə özümüz də onun yoxluğunu hiss edəcəyik. Yaxşı insanların itkisi acı olur. Allah rəhmət eləsin! Qəbriniz nurla dolsun Cənab Qoqi! Biz sizi daim xatırlayacağıq...

четверг, 17 февраля 2011 г.

TİFLİSİN MEYDAN MƏHƏLLƏSINDƏ DOLAŞAN DÜŞÜNCƏLƏR...


Tbilisi şəhəri, Heydər Əliyev parkı...Günü-gündən bu məkanın gözəlliyi baxdıqca göz oxşayır. Gün ərzində çox insanlar bu parka ayaq basır, o cümlədən turistlər də. Şəkil çəkdirənə bax, seyr edənə bax! Kimi sakitcə başını aşağı salıb qəzet oxuyur, kimi siqaret çəkir, kimi dostu ilə şirin-şirin sıhbət edir. Parkı ağ, sarı və bənövşəyi dovşantopuğu gülləri bəzəyir.
Bir tərəfdə öz qədimiliyini bu gündə saxlayan hamamlar, o biri tərəfdən Cümə məscidinin minarəsi, digər tərəfdən isə ucaldıqca ucalan Narın qala sənə tamaşa edir. Sanki rahatlıq aləminə qərq olur insan buraya gələndə. Fikirlər səni çəkib çox uzaqlara aparır. Təkcə şəhəri səs-küyə bürüyən maşınların səsini çıxmaq şərtilə...
Cümə məscidindən ibadətdən qayıdıram. Parkda otururam, nədənsə fikrim yenə də Ulu babalarımıza gedir. Bu anda məni düşüncələrimdən bir qadın səsi ayırır. Başımı qaldırıram qadın soruşur: Siz gürcüsünüz? Xeyr deyirəm. Bir anlıq nədən bu sualın ünvanlandığı məni düşündürür və anlayıram ki, məsciddən qayıtdığım üçün hicablıyam, xanım bundan dolayı soruşur. Gürcü qadını mənə sağlamlıq arzulayır və sağlamlığı ilə əlaqədar yardım istəyir. Qadına pul verirəm.
Düşüncələrimə qayıdıram. Parkın bir tərəfində Heydər Əliyevin büstü ucaldılıb. Ətrafı əklil və çiçəklərlə doludur. Qarşımdakı skamyada iki yaşlı gürcü kişi oturur. Gərgin söhbət gedir. Qaşqabaqlıdırlar, sifətləri ciddidir. Nəisə problemi müzakirə edirlər. Biraz aralıda turistlər balacalı-böyüklü sanki qatarla düzülmüş hamamların şəklini çəkirlər. Yandakı skamyada isə qoruxçu polis büzüşərək oturmuşdur. Yəqin parkın təhlükəsizliyini qoruyur. Amma yuxusuz görünür. Kaş insanların təhlükəsizliyi də belə qorunardı deyə düşünürəm. Parkın sakitliyindən  adamı yalnız şəhər yollarını o baş bu başa qət edən polis maşınlarının siqnalı ayırır. Göz oxşayan mənzərələrin əks tərəfində izdihamla dolu şəhər məni gözləyir. Sanki rahatlığa qərq olduğun bir aləmdən çıxıb, başqa bir qapı açaraq izdihamlı bir aləmə daxil olursan. Narın-narın yağan yağış dənələri yazı kitabçamı isladır... Artıq evə qayıtmalıyam.