воскресенье, 13 октября 2013 г.

Sağlığında qiymət verək insanlara...

     Nədənsə kiminsə öləcəyini biləndə ona daha çox hörmət etməyə başlayırıq. Əvvəl ona tərs davranar, qışqırar, cavab verməzdiksə bir anın içində onun həyatı tərk edəcəyi xəbəri bizi dəyişir. Bəlkə ona görədir ki, itirdiklərimizin dəyərini itirdikdən sonra bilirik deyirlər. Bəlkə də ətrafımızdakı insanların əbədi yaşayacağını sanırıq deyə onların olmayacağı xəbəri bizi buna vadar edir. Nədənsə başqalarının ölümünə öyrəşirik, ancaq yaxınımızdakılar həmişə yaşayacaq kimi gəlir bizə...Niyə çaşırıq ki?! ölü və ya ölüm bizə yad bir sözdümü?! Son zamanlar demək olar hər gün kimsə ölür və əlvida deyir bu həyata. Hətta bütün qohum əqrəba belə mehribanlaşır, daha çox ziyarətinə gəlirlər sanki ölməyə hazırlaşan insan əvvəldən başqasıymış kimi davranırlar. Sağlam olanda niyə getmirik həmin insanların ziyarətinə?! 
      Həyat paylaşdıqca gözəldir kəlməsi çox qeyd olunur. Doğrudur – paylaşınca hər şey fərqli olur. İndiyə kimi yaşadığım ən mükəmməl hiss kimisə sevindirmək olub. Bu həyatda heçnə məni o qədər sevindirməyib necə ki, qarşımdakı insanın gözlərindəki təbəssüm. Gündə ən azı bir dəfə kimisə sevindirmək üçün səbəb axtarmaq mənim dünyamı dəyişdi. Bəziləri üçün xoşbəxtlik puldur, evdir, maşındır – bəzilərinə isə insanların sifətindəki, gözlərindəki gülüş yetərlidir.
     Bir körpənin gerçəkləşən məktəb çantası kimi arzusu bəzi insanlar üçün bir ömür yaşamağa bəs edir. Bəzən yalnız adlandırdığımız insan ətrafı dolu olanlardan daha xoşbəxt olur. Bir zaman bunun səbəbini anlamırdım. Bir gün 23 yaşlarında  bir qız öz yumşaq oyuncağının xarab olmasına görə göz yaşı axıdırdı. Onun üçün oyuncağı yetərliydi ki, özünü xoşbəxt hiss etsin. Xoşbəxtlik üçün cüzi səbəblər də kifayət edir. Bəlkə də biz daim xoşbəxtliyi əlçatmaz bir yerdə axtardığımız üçün ona qovuşa bilmirik.
Hörmətimizi artırmaq, dəyər vermək, xoş davranmaq üçün məhz kiminsə sabah və ya  biri gün ölə biləcəyini eşitməyimizmi olmalıdır?!.. Kimisə sevindirmək üçün, o təbəssümü axtarmaq üçün illahı bir hadisəmi baş verməlidir... Bəlkə elə bu andan başlamalıyıq addım atmağa. Elə indi dəyər verməliyik, indi hədiyyə etməliyik, indi sevindirməli, indi axtarmalıyıq o bizi xoşbəxt edəcək bəhanələri. Bunun üçün bir ömür gözləməyə gərək yox. Bizi bir oyuncaq, bir gülüş, bir hədiyyə, bir kiçicik dəyər və diqqət də xoşbəxt edə bilər.
Bir yoxla, çox asandır – insanları xoşbəxt etmək, onlara təbəssüm bağışlamaq, onları üzməkdən, acıtmaqdan, əzab verməkdən, göz yaşlarına səbəb olmaqdan qat-qat, dəfələrlə asandır... Bunlar üçün kiminsə ölməsini, kiminsə acı çəkməsini gözləmə, birdə baxarsan ki, zaman keçib və heçnə əldə etməyibsən, qaramat həyatını insanlara acı verməklə başa vurubsan... Kiminsə səni xoş, üzündə təbəssüm dolu şəkildə xatırlamasının özü də xoşbəxtlikdir...
P.S. Bir müddət sonra azacıq sevgi və diqqət üçün insanlar özünü ölməyə vuracaqlar  belə getsə...Cabir Novruzun sözlərini xatırladım:
Bir arzum var, ay adamlar, qoyun deyim, 
Sağlığında qiymət verin insanlara,
Yaxşılara sağlığında yaxşı deyin,
Sağlığında yaman deyin yamanlara. 

Bu nədəndir ölən kimi, 
qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır. 
Ölən kimi yaxşılar da yaxşılaşır, 
Yamanlar da yaxşılaşır... 
Çirkinlər də təmiz olur ölən kimi... 
Yadlar belə əziz olur ölən kimi...

Комментариев нет:

Отправить комментарий