четверг, 16 июня 2016 г.

Pessimizmdən optimizmə :)


Hələ də pessimistsən? 
İki ildən çoxdur ki, bloqumu yeniləmirdim. Heç daxil olmurdum da. Bir ay əvvəl yeniləmək qərarına gəldim və bloquma daxil olanda bir anlığına çaşdım. Qeydlərimi nəzərdən keçirdim, bloqun rənglərinə baxdım və özüm də hiss etmədən simamda təbəssüm yarandı və dedim – necə də pessimist imişəm!
Bizi belə böyüdürlər, imkan vermirlər, qadağa qoyurlar kimi sözlər deməyəcəm. Özümüz kəşf etməli, özümüz axtarmalıyıq. Onda daha dəyərini anlayırıq araşdırmalarımızın. Xoşbəxtlik sandığmız detallardadır. İkicə addım tələb olunur – istəyin və edin!
Arzulayıb xəyallarda ilişib qalmayın, arzuladığınızı həyata keçirmək üçün necə deyərlər dəridən qabıqdan çıxın. Nə lazımdırsa edin.
Bəziləri motivasiya üçün kitablar oxuyur, internetdən qaydalara baxır. Mən heç birini etmədim. Bu qeydimdə real etdiklərimi yazıram.
Bəzən əlimizdə olan kiçik xırdalıqları heçnə saymırıq, amma əslində kiçik parçalar birləşərək bütövlük yaradır. Gündəlik hadisələrdən zövq alırsızmı, gün ərzində sizi nə sevindirir diqqət edin. Mən də iki-üç il əvvəl diqqət eləmirdim və ona görə də pessimist bloqum varmış.
Məsələn, gündə ən azı üç dəfə yemək yeyirsiz, bəs yediyiniz yeməkdən zövq alırsızmı?! Gəlin yeməyə sadəcə qarnımızı doldurmaq vasitəsi kimi baxmayaq. Axı, doymaq da bir zövqdür. Mən etmişəm və yemək indi mənə xoşbəxtlik verən proseslərdən biridir.
Sonuncu dəfə ürəkdən nə zaman gülübsüz və ya hönkürtü ilə ağlayıbsız?!. Hər ikisi vacib emosiyadır. Mən etmişəm və lazım gələndə göz yaşı belə sizə rahat hisslər bəxş edə bilər. Hətta yükəsk səslə bağırmışam da, təbiətimin rahat olasına baxmayaraq :). 
Sonuncu dəfə sübh vaxtı nə zaman səssizliyi bölən quşların və uzaqda quruldaşan qurbağaların mahnısını dinləyibsiniz?!. Mən dinləmişəm və sizi əmin edirəm ki, ondan üstün psixoloji rahatlıq yoxdur. Bəlkə bəzi psixoloqların proqramına da daxildir. Həkim desə durub sübh çağı mütləq dinləyərsiz, öz həyatınızın həkimi özünüz olun.
Səslərin xoşbəxtlik olduğunu bilirsinizmi? Gölərinizi yumun heç olmasa bir dəfə yoxlayın görün nə hiss edirsiniz. Təbiəti duyun, çay  şırıltısının səsi, ətrafınızdakı quşların səsi, külək əsəndə yarpaqların bir-birinə toxunuşu – gözünüzü yumun və dinləyin. Mən dinləmişəm.
Yardım edin! Sonuncu dəfə kimə köməklik göstərdiyinizi xatırlayırsınızmı? İndi düşünməyin ki, pulunuz yoxdur. Pul lazım deyil, istək və hərəkət lazımdır. Başqalarına kömək etmək insana ən xoşbəxt emosiyalar bəxş edir. İnanmıram ki, kiminsə 2 dəftər alıb ehtiyac duyan bir uşağa hədiyyə eləmək üçün 1 larisi olmasın. 1 lariyə evə iki çörək də ala bilərsiniz, amma sevindirdiyiniz körpəni siz unutsanız da o, sizi daim xatırlayacaq. Hardanmı bilirəm? Mən etmişəm, siz də edin!
Qan verin. Digər kömək etmələrin heç biri donor olmaq hissini əvəz eləmir. Mən 5 il əvvəl qan vermək üçün banka gedəndə həkim kriteriyalara uyğun gəlmədiyimi dedi. Və mən donor olmaq üçün kilo almağa qərar verdim. Çünki çəkim az olduğundan qanımı ehtiyacı olan insanlarla paylaşa bilmirdim. İki gün əvvəl mən donor olmaq xoşbəxtliyini yaşadım. Siz də cəhd edin.
Heç üzünü görmədiyiniz və ola bilsin heç vaxt da görməyəcəyiniz insana hədiyyə göndərməyə cəhd edibsiz? Düşünün, sizi tanımayan və sizin də tanımadığınız bir insanı sevindirirsiz. Demirəm necə, amma mən etmişəm.
İşinizdən zövq alın. Şikayətlənməklə işlər onsuzda azalmır. Neqativi pozitivə çevirin. Bir insan eyni zamanda bir neçə iş görə bilər. Önəmli olan sevgidir. Əməkdaşlarınızı sevin, zarafat edin, problemləri böyütməyin çıxış yolu tapmağa çalışın. Sevdiyiniz işi görün. Mən hələ də uşaqlar üçün nəzərdə tutulan rəsmlər alıb rəngləyirəm. Dəstək olun, lazım gəlsə məsləhət alın və verin. Ağıl öyrətmirəm  ha özüm etmişəm.
Günün çox vaxtını, nəqliyyatda qulağımıza qulaqcıqlar taxırıq. Əksəriyyətimiz zaman keçsin deyə musiqi dinləyirik. Dinlədiyiniz musiqidən zövq alın. Mən yoxlamışam, musiqidən zövq alanda mütləq yaxşı bir plan qurmaq olur. Radionu dinləməyi də sevirəm. Zövqünüzə uyğun edə bilərsiz. 
Film izləyin və kitab oxuyun. Sadəcə mən min dənə kitab oxumuşam demək üçün kitab oxumayın ya filmə baxmayın. Beş filmə baxın, içindən örnək çıxarın, məlumat alın və ən önəmlisi zövq alın. Emosialarla izləyin, özünüzü bəzən oyunçuların yerində, filmin tam mərkəzində hiss edin. Maraqlıdır yoxlayın!
Səyahət edin. Xaricə demirəm ölkənin daxilinə. Qonşu kənddən başlayın. Mən insanları və toplumları tanımaq üçün statistik araşdırmaları götürür və kəndləri gəzirdim. Səyahət qonşu kənddən başlayır və xaricə doğru gedir. Ölkədaxili turlar baha deyil. 20 lariyə Gürcüstanın hansısa bölgəsinə səfər etmək çox asandır. Mən etmişəm.
Mütləq istirahətinizə vaxt ayırın. Yaxın dostunuzla kimlə istəsniz planlayın və kinoya gedin. Uşaq bağçasına gedin və bir neçə saatınızı uşaqlarla keçirin. Könüllü nəsə edin bu istirahətdir. Gül əkin, bağda çalışın. Sizə xoşbəxtlik bəxş edən işlərlə istirahət edin. Mən etmişəm, əladır!
Bu kimi həyatımızın parçalarını birləşdirən çox detalı qeyd edə bilərəm. İki-üç il əvvələ kimi mən yarpaqların xışıltısının, günəşin istiliyinin, yağış damcılarının, yeməyin, yardım etməyin, səyahətin, samovar qaynadıb kiçik çay süfrəsi ərafında sevdiklərinlə oturmağın və bu kimi sonsuz detalların birləşib xoşbəxtlik adlandığını bilmirdim. Əminəm çoxlarınız bilmirsiz. Xoşbəxtlik deyib ömrü boyu axtarışa çıxıb çaşmayın. İstəyin və edin. Bacarmıram deyə söz yoxdur dünyada, istəmirəm deyə bir söz var!
Gözünüz görürümü yoxlayın? Bəs qulağınız necə eşidirmi? Hələ bir addım atın sərbəst hərəkət edə bilirsiz? Düşünün, ağlınız yerindədir? Ürəyinizlə söhbət edin, qayğı göstərə, sevə, yardım edə bilirsiz? – İndi fikirləşin bunları olmayan nə qədər insan var dünyada. Təşəkkür etməyi və üzr istəməyi bacarın. Qəlbinizə paxıllıq düşsə həmin gün hər şeyi itirirsiz. Xəstəliyə tutulmaq fikriniz varsa sevgi xəstəliyinə tutulun. Sevin, sizi sevməyənləri də sevin!
P.S. İndi bildiniz bloqum niyə pessimizmlə dolu imiş?!...Bircə dənə məşğuliyyətiniz olsun - Sevmək!



Комментариев нет:

Отправить комментарий