 |
Hələ də pessimistsən? |
İki ildən
çoxdur ki, bloqumu yeniləmirdim. Heç daxil olmurdum da. Bir ay əvvəl yeniləmək
qərarına gəldim və bloquma daxil olanda bir anlığına çaşdım. Qeydlərimi nəzərdən
keçirdim, bloqun rənglərinə baxdım və özüm də hiss etmədən simamda təbəssüm
yarandı və dedim – necə də pessimist imişəm!
Bizi belə
böyüdürlər, imkan vermirlər, qadağa qoyurlar kimi sözlər deməyəcəm. Özümüz kəşf
etməli, özümüz axtarmalıyıq. Onda daha dəyərini anlayırıq araşdırmalarımızın. Xoşbəxtlik
sandığmız detallardadır. İkicə addım tələb olunur – istəyin və edin!
Arzulayıb
xəyallarda ilişib qalmayın, arzuladığınızı həyata keçirmək üçün necə deyərlər dəridən
qabıqdan çıxın. Nə lazımdırsa edin.
Bəziləri
motivasiya üçün kitablar oxuyur, internetdən qaydalara baxır. Mən heç birini
etmədim. Bu qeydimdə real etdiklərimi yazıram.
Bəzən əlimizdə
olan kiçik xırdalıqları heçnə saymırıq, amma əslində kiçik parçalar birləşərək
bütövlük yaradır. Gündəlik hadisələrdən zövq alırsızmı, gün ərzində sizi nə
sevindirir diqqət edin. Mən də iki-üç il əvvəl diqqət eləmirdim və ona görə də
pessimist bloqum varmış.
Məsələn,
gündə ən azı üç dəfə yemək yeyirsiz, bəs yediyiniz yeməkdən zövq alırsızmı?! Gəlin
yeməyə sadəcə qarnımızı doldurmaq vasitəsi kimi baxmayaq. Axı, doymaq da bir
zövqdür. Mən etmişəm və yemək indi mənə xoşbəxtlik verən proseslərdən biridir.
Sonuncu dəfə
ürəkdən nə zaman gülübsüz və ya hönkürtü ilə ağlayıbsız?!. Hər ikisi vacib
emosiyadır. Mən etmişəm və lazım gələndə göz yaşı belə sizə rahat hisslər bəxş
edə bilər. Hətta yükəsk səslə bağırmışam da, təbiətimin rahat olasına baxmayaraq :).
Sonuncu dəfə
sübh vaxtı nə zaman səssizliyi bölən quşların və uzaqda quruldaşan qurbağaların
mahnısını dinləyibsiniz?!. Mən dinləmişəm və sizi əmin edirəm ki, ondan üstün psixoloji
rahatlıq yoxdur. Bəlkə bəzi psixoloqların proqramına da daxildir. Həkim desə
durub sübh çağı mütləq dinləyərsiz, öz həyatınızın həkimi özünüz olun.
Səslərin
xoşbəxtlik olduğunu bilirsinizmi? Gölərinizi yumun heç olmasa bir dəfə yoxlayın
görün nə hiss edirsiniz. Təbiəti duyun, çay
şırıltısının səsi, ətrafınızdakı quşların səsi, külək əsəndə yarpaqların
bir-birinə toxunuşu – gözünüzü yumun və dinləyin. Mən dinləmişəm.
Yardım
edin! Sonuncu dəfə kimə köməklik göstərdiyinizi xatırlayırsınızmı? İndi düşünməyin
ki, pulunuz yoxdur. Pul lazım deyil, istək və hərəkət lazımdır. Başqalarına kömək
etmək insana ən xoşbəxt emosiyalar bəxş edir. İnanmıram ki, kiminsə 2 dəftər
alıb ehtiyac duyan bir uşağa hədiyyə eləmək üçün 1 larisi olmasın. 1 lariyə evə
iki çörək də ala bilərsiniz, amma sevindirdiyiniz körpəni siz unutsanız da o, sizi daim xatırlayacaq. Hardanmı bilirəm? Mən etmişəm, siz də edin!
Qan verin.
Digər kömək etmələrin heç biri donor olmaq hissini əvəz eləmir. Mən 5 il əvvəl
qan vermək üçün banka gedəndə həkim kriteriyalara uyğun gəlmədiyimi dedi. Və mən
donor olmaq üçün kilo almağa qərar verdim. Çünki çəkim az olduğundan qanımı
ehtiyacı olan insanlarla paylaşa bilmirdim. İki gün əvvəl mən donor olmaq xoşbəxtliyini
yaşadım. Siz də cəhd edin.
Heç üzünü
görmədiyiniz və ola bilsin heç vaxt da görməyəcəyiniz insana hədiyyə göndərməyə
cəhd edibsiz? Düşünün, sizi tanımayan və sizin də tanımadığınız bir insanı
sevindirirsiz. Demirəm necə, amma mən
etmişəm.
İşinizdən
zövq alın. Şikayətlənməklə işlər onsuzda azalmır. Neqativi pozitivə çevirin.
Bir insan eyni zamanda bir neçə iş görə bilər. Önəmli olan sevgidir. Əməkdaşlarınızı
sevin, zarafat edin, problemləri böyütməyin çıxış yolu tapmağa çalışın. Sevdiyiniz
işi görün. Mən hələ də uşaqlar üçün nəzərdə tutulan rəsmlər alıb rəngləyirəm. Dəstək
olun, lazım gəlsə məsləhət alın və verin. Ağıl öyrətmirəm ha özüm etmişəm.
Günün çox
vaxtını, nəqliyyatda qulağımıza qulaqcıqlar taxırıq. Əksəriyyətimiz zaman
keçsin deyə musiqi dinləyirik. Dinlədiyiniz musiqidən zövq alın. Mən yoxlamışam,
musiqidən zövq alanda mütləq yaxşı bir plan qurmaq olur. Radionu dinləməyi də sevirəm. Zövqünüzə uyğun edə bilərsiz.
Film izləyin
və kitab oxuyun. Sadəcə mən min dənə kitab oxumuşam demək üçün kitab oxumayın
ya filmə baxmayın. Beş filmə baxın, içindən örnək çıxarın, məlumat alın və ən önəmlisi zövq
alın. Emosialarla izləyin, özünüzü bəzən oyunçuların yerində, filmin tam mərkəzində
hiss edin. Maraqlıdır yoxlayın!
Səyahət
edin. Xaricə demirəm ölkənin daxilinə. Qonşu kənddən başlayın. Mən insanları və
toplumları tanımaq üçün statistik araşdırmaları götürür və kəndləri gəzirdim. Səyahət
qonşu kənddən başlayır və xaricə doğru gedir. Ölkədaxili turlar baha deyil. 20
lariyə Gürcüstanın hansısa bölgəsinə səfər etmək çox asandır. Mən etmişəm.
Mütləq istirahətinizə vaxt ayırın. Yaxın dostunuzla kimlə istəsniz planlayın və kinoya gedin. Uşaq bağçasına gedin və bir neçə saatınızı uşaqlarla keçirin. Könüllü nəsə edin bu istirahətdir. Gül əkin, bağda çalışın. Sizə xoşbəxtlik bəxş edən işlərlə istirahət edin. Mən etmişəm, əladır!
Bu kimi həyatımızın
parçalarını birləşdirən çox detalı qeyd edə bilərəm. İki-üç il əvvələ kimi mən
yarpaqların xışıltısının, günəşin istiliyinin, yağış damcılarının, yeməyin, yardım
etməyin, səyahətin, samovar qaynadıb kiçik çay süfrəsi ərafında sevdiklərinlə oturmağın və bu kimi sonsuz detalların birləşib xoşbəxtlik adlandığını
bilmirdim. Əminəm çoxlarınız bilmirsiz. Xoşbəxtlik deyib ömrü boyu axtarışa
çıxıb çaşmayın. İstəyin və edin. Bacarmıram deyə söz yoxdur dünyada, istəmirəm deyə bir söz var!
Gözünüz
görürümü yoxlayın? Bəs qulağınız necə eşidirmi? Hələ bir addım atın sərbəst hərəkət
edə bilirsiz? Düşünün, ağlınız yerindədir? Ürəyinizlə söhbət edin, qayğı göstərə,
sevə, yardım edə bilirsiz? – İndi fikirləşin bunları olmayan nə qədər insan var
dünyada. Təşəkkür etməyi və üzr istəməyi bacarın. Qəlbinizə paxıllıq düşsə həmin
gün hər şeyi itirirsiz. Xəstəliyə tutulmaq fikriniz varsa sevgi xəstəliyinə
tutulun. Sevin, sizi sevməyənləri də sevin!
P.S. İndi
bildiniz bloqum niyə pessimizmlə dolu imiş?!...Bircə dənə məşğuliyyətiniz olsun - Sevmək!