Xatirələrimin zəngi...
Səhər məni
yol ilə gedən uşaqların səsi yuxudan oyatdı. Bu nə səsdi deyə düşündüm...
Çalışdığım
məkan, yəni televiziya bitirdiyim məktəbə çox yaxındır. Hər işə gedəndə o doğma
məkanımın yanından ötürəm. Bax, odur sağ tərəfdən üçüncü pəncərə bizim
sinifdir. Bu həyətdə necə xatirəli günlər yaşamışıq!
Televiziyanın
eyvanından məktəbimizə baxırdım. Musiqi sədaları eşidilir, şagirdlər ətrafda
qaynayırdı. Biraz sonra ağ köynəkli məzunlar sevincdən qışqırışa-qışqırışa
maşınlardan məzun yazılmış atlaslarını yelləyirdilər.
8 il öncəyə
qayıtdım... Məzun olduğumuz gün biz də belə sevincli idik. Müəllimlərimiz çətin,
qayğılı həyata ilk qədəmlərinizi qoyursuz deyəndə nəyi nəzərdə tutduqlarını
anlamırdıq. Həmin gün son zəngin sədalarına ağlamışdıq. İndi anlayıram, həyat təcrübəsi
keçmiş müəllimlərimin o sözünü. Bu məzunlara baxıram, o qədər sevinirlər ki.
İllər sonra qarşılaşdığın çətinliklər bu günlərin özləmini o qədər artırır. Dəfələrlə
kaş məktəbli olardım, kaş partamın arxasında bir gün yenə şagird olaraq
oturardım, müəllimim məni dinləyər və ya danlayardı demişəm. Fizika müəllimim
deyərdi bugün məktəbi bitirdinizsə, artıq sabahdan hasarın o tərəfindən
baxacaqsınız. Biz isə onunla razılaşmırdıq. Zaman keçdikcə görürsən ki,
doğurdan da belədir. Həyat səni bu qucaqdan o qucağa atanda, aşmalı olduğun
maneələri yaşayanda bilirsən o illərin qədrini.
Sonuncu
imtahandan çıxdığımız gün yadıma düşür. Cəbr imtahanı idi. Hamımız son dəfə
sinif otağmıza getmişdik. Heç kəs partasından ayrılmaq istəmirdi. Amma zamanı
dayandırmaq mümkünsüz. Ailə qurmağa hazırlaşan qızlarımızın göz yaşlarını
görmüşdüm həmin gün.
Məktəbdə
oxuyarkən düşünürdük ki, bitirəndən sonra yaşaya bilmərik. Biz necə durardıq
sinif yoldaşlarımızı görmədən. Zaman hər şeyi elə unutdurur ki. Hər kəs öz
yolunu seçir. Kimi ailəlidir, kimi təhsil alır. Neçə il keçməsinə baxmayaraq
sinif yoldaşlarımızla tez-tez görüşürük. Xatirələrimiz danışmaqla bitmir. Bu yaxında
8 illiyimizi qeyd etdik. Heç birimiz inanmırdıq ki, o günlərdən 8 il ötüb.
Sanki məktəbi dünən bitirmişik kimi gəlir insana.
Marneulini
səs-küyə bürüyən məzunların səsi, maşınların siqnalları məni xatirələrimdən ayırdı. 8
il öncə məzun oldum deyə qışqıran qızcığaz nə düşünərdi ki, bir gün məzunları
televiziyanın eyvanından izləyib xatirələrinə qayıdacaq və bu yazını yazacaq. Son
zəng günü ağlayırdım və niyə ağladığımı da bilirdim. Çiynim üzərindən başımı
döndərdim, son zəng çalınır, xatirələrimin zəngi – elə indi də gözlərim
yaşarıb...
Bir mahnıda deyildiyi kimi:
“Bəzən şirin yuxularda, dönüb şıltaq, kiçik qıza,
Sevinc ilə yüyürürəm, doğma məktəb yollarında.
Bir vaxt sənin sözlərinə, gizli-gizli gülərdik biz,
Deyəndə ki, vaxt gələcək, bu günləri anacaqsız.
Deyəndə ki, saçınızı qoşa hörük hörmək üçün,
uclarına bəyaz lenti kəpənək tək vurmaq üçün,
siz çox şeydən keçəcəksiz.
Hələ desən için-için, alovlanıb yanacaqsız,
onda məni anacaqsız...
Əziz müəllimim, dediklərin doğru imiş sətir-sətir,
nə olar sən o günləri bircə anlıq geri gətir...