суббота, 19 мая 2012 г.


Xatirələrimin zəngi...
 
  Səhər məni yol ilə gedən uşaqların səsi yuxudan oyatdı. Bu nə səsdi deyə düşündüm...
Çalışdığım məkan, yəni televiziya bitirdiyim məktəbə çox yaxındır. Hər işə gedəndə o doğma məkanımın yanından ötürəm. Bax, odur sağ tərəfdən üçüncü pəncərə bizim sinifdir. Bu həyətdə necə xatirəli günlər yaşamışıq!
  Televiziyanın eyvanından məktəbimizə baxırdım. Musiqi sədaları eşidilir, şagirdlər ətrafda qaynayırdı. Biraz sonra ağ köynəkli məzunlar sevincdən qışqırışa-qışqırışa maşınlardan məzun yazılmış atlaslarını yelləyirdilər.
  8 il öncəyə qayıtdım... Məzun olduğumuz gün biz də belə sevincli idik. Müəllimlərimiz çətin, qayğılı həyata ilk qədəmlərinizi qoyursuz deyəndə nəyi nəzərdə tutduqlarını anlamırdıq. Həmin gün son zəngin sədalarına ağlamışdıq. İndi anlayıram, həyat təcrübəsi keçmiş müəllimlərimin o sözünü. Bu məzunlara baxıram, o qədər sevinirlər ki. İllər sonra qarşılaşdığın çətinliklər bu günlərin özləmini o qədər artırır. Dəfələrlə kaş məktəbli olardım, kaş partamın arxasında bir gün yenə şagird olaraq oturardım, müəllimim məni dinləyər və ya danlayardı demişəm. Fizika müəllimim deyərdi bugün məktəbi bitirdinizsə, artıq sabahdan hasarın o tərəfindən baxacaqsınız. Biz isə onunla razılaşmırdıq. Zaman keçdikcə görürsən ki, doğurdan da belədir. Həyat səni bu qucaqdan o qucağa atanda, aşmalı olduğun maneələri yaşayanda bilirsən o illərin qədrini.
  Sonuncu imtahandan çıxdığımız gün yadıma düşür. Cəbr imtahanı idi. Hamımız son dəfə sinif otağmıza getmişdik. Heç kəs partasından ayrılmaq istəmirdi. Amma zamanı dayandırmaq mümkünsüz. Ailə qurmağa hazırlaşan qızlarımızın göz yaşlarını görmüşdüm həmin gün.
  Məktəbdə oxuyarkən düşünürdük ki, bitirəndən sonra yaşaya bilmərik. Biz necə durardıq sinif yoldaşlarımızı görmədən. Zaman hər şeyi elə unutdurur ki. Hər kəs öz yolunu seçir. Kimi ailəlidir, kimi təhsil alır. Neçə il keçməsinə baxmayaraq sinif yoldaşlarımızla tez-tez görüşürük. Xatirələrimiz danışmaqla bitmir. Bu yaxında 8 illiyimizi qeyd etdik. Heç birimiz inanmırdıq ki, o günlərdən 8 il ötüb. Sanki məktəbi dünən bitirmişik kimi gəlir insana.
  Marneulini səs-küyə bürüyən məzunların səsi, maşınların siqnalları məni xatirələrimdən ayırdı. 8 il öncə məzun oldum deyə qışqıran qızcığaz nə düşünərdi ki, bir gün məzunları televiziyanın eyvanından izləyib xatirələrinə qayıdacaq və bu yazını yazacaq. Son zəng günü ağlayırdım və niyə ağladığımı da bilirdim. Çiynim üzərindən başımı döndərdim, son zəng çalınır, xatirələrimin zəngi – elə indi də gözlərim yaşarıb...
Bir mahnıda deyildiyi kimi:
“Bəzən şirin yuxularda, dönüb şıltaq, kiçik qıza,

Sevinc ilə yüyürürəm, doğma məktəb yollarında.

Bir vaxt sənin sözlərinə, gizli-gizli gülərdik biz,

Deyəndə ki, vaxt gələcək, bu günləri anacaqsız.

Deyəndə ki, saçınızı qoşa hörük hörmək üçün,

uclarına bəyaz lenti kəpənək tək vurmaq üçün,

siz çox şeydən keçəcəksiz. 

Hələ desən için-için, alovlanıb yanacaqsız,

onda məni anacaqsız...

Əziz müəllimim, dediklərin doğru imiş sətir-sətir,

nə olar sən o günləri bircə anlıq geri gətir...