среда, 17 августа 2011 г.

Yaxşı insanın itkisi acı olur...


Onu ilk dəfə ikinci kursda oxuyanda görmüşdüm. Dolu, ortaboylu kişi idi. Tələbələr ondan çəkinirdi. Bu Cənab Qoqi Qeqeçqoridir deyirdilər. Çox ciddi lektor olduğunu eşitmişdim. İkinci kursda bizə cəzaçəkmə müəssisələrindən mühazirə oxuyurdu. Özü Cəzaçəkmə Müəssisələri Kollegiyasının üzvü, Professor idi. Moskvada təhsil almışdı. Daim tələbəlik illərindən danışır, oxumaq istəməyən uşaqları tənqid edirdi. Qarış-qarış gəzdiyi dünya ölkələrindən söhbət edərdi. Həqiqətən də onun leksiyasında heç kəsdən səs çıxmırdı. İlk baxışlarımda onun milliyətçi olduğunu sanırdım. Bir dəfə azərbaycanlı qadınların Navtluxi bazarında göy satdıqları vaxt, kişiləriniz çayxanalarda oturur demişdi. Bəyəm kişi daim qadının yanında olmamalıdır. Kiçik bir mübahisəmiz də düşmüşdü bu mövzuda. İkinci kursun yekun imtahanlarında bilirdik ki, nə qədər yaxşı hazırlaşsaq da əla qiymət yazan deyil. Elə də oldu.
Üçüncü kursda bizə artıq Kriminalistikadan mühazirə oxuyurdu. Vəziyyət tam dəyişmişdi. Onun üçün kursun ən yaxşı oxuyan tələbələr biz, üç nəfər azərbaycanlılar idik. Konspektlər hazırladırdı bizə. Hər dəfə mənim konspektlərimi oxuyanda gürcü məktəbini bitirib bitirmədiyimi soruşurdu. Azərbaycanlıların gürcü dilini belə qavramasını alqışlayıram söyləyirdi. Daim mənə Marneulidə universitet açılacaq və sən orda kriminalistikadan bu yazdığın konspektlərdən mühazirə oxuyarsan deyə məsləhət verirdi. Onun leksiyası olan günlər qrup tam olaraq auditoriyada olurdu. O qədər nizam-intizam yaratmışdı. Zarafatlarından da qalmırdı. Son zamanlar sağlamlığından şikayət edirdi. Üçüncü kursun yekun imtahanlarına yaxın universitetdən zəng gəldi. Xəstələnmişdi və imtahanların nəticəsini evindən gəlib götürmək üçün məni çağırtdırdığını dedilər. Onunla eyni binada tələbə yoldaşım Qiorqi yaşayır. Mən rayondan şəhərə gəlməkdənsə ordakı uşaqlardan biri götürər dedim. Ancaq heç kəsi qəbul etməyib, mənim getməyimi istəmişdi. Səhəri gün tələbə yoldaşım Muradla evinə getdik. Yataqda idi, çətin nəfəs alır, sözləri güclə deyirdi. Meyvədən zəhərləndiyini deyibmiş həkim. Rəngi ağappaq idi. Sanki həyatla vidalaşmağa hazırlaşırdı kimi gəldi mənə. Amma daha da əsəbiləşmişdi. Knyaz ailəsindən imiş. Biz gedəndə qardaşı xidmətində dururdu. Bildiyimizə görə evlənməmişdi, tək yaşayırdı. Nəticələri götürüb universitetə getdik. Hər şeyin qaydasında olduğundan əmin olmaq üçün dəfələrlə zəng vurdu. Çox məsuliyyətli insan idi. Ədalətsizliyi sevməzdi və bizi də belə öyrətmişdi. Sonuncu dəfə danışanda təşəkkürünü bildirdi nəticələri çatdırdığıma görə.
Bu günlərdə ona zəng vurmağı düşünürdüm Əhvalını öyrənim dedim. Yəqin indi yaxşılaşıb. Yeni dərs ilində onu yenidən gözləyirik. Dünən tələbə yoldaşım yazdı “Cənab Qoqi bir ay bundan əvvəl rəhmətə gedib. Bizə xəbər etməyiblər!” Sükuta qərq olmuşdum. Onunla bağlı xatirələrimiz canlandı gözümün önündə. O, artıq həyatda yoxdur. Bizi qadın koloniyasına aparacağına və öz tələbələrindən bir kriminalisti təcrübə üçün bizimlə görüşdürəcəyinə söz vermişdi. Ölüm ona verdiyi sözləri həyata keçirməyə imkan vermədi. Yeni dərs ilində Cənab Qoqinin duzlu-məzəli zaraftlarını duymayacağıq. Auditoriyamız, elə özümüz də onun yoxluğunu hiss edəcəyik. Yaxşı insanların itkisi acı olur. Allah rəhmət eləsin! Qəbriniz nurla dolsun Cənab Qoqi! Biz sizi daim xatırlayacağıq...