четверг, 17 февраля 2011 г.

TİFLİSİN MEYDAN MƏHƏLLƏSINDƏ DOLAŞAN DÜŞÜNCƏLƏR...


Tbilisi şəhəri, Heydər Əliyev parkı...Günü-gündən bu məkanın gözəlliyi baxdıqca göz oxşayır. Gün ərzində çox insanlar bu parka ayaq basır, o cümlədən turistlər də. Şəkil çəkdirənə bax, seyr edənə bax! Kimi sakitcə başını aşağı salıb qəzet oxuyur, kimi siqaret çəkir, kimi dostu ilə şirin-şirin sıhbət edir. Parkı ağ, sarı və bənövşəyi dovşantopuğu gülləri bəzəyir.
Bir tərəfdə öz qədimiliyini bu gündə saxlayan hamamlar, o biri tərəfdən Cümə məscidinin minarəsi, digər tərəfdən isə ucaldıqca ucalan Narın qala sənə tamaşa edir. Sanki rahatlıq aləminə qərq olur insan buraya gələndə. Fikirlər səni çəkib çox uzaqlara aparır. Təkcə şəhəri səs-küyə bürüyən maşınların səsini çıxmaq şərtilə...
Cümə məscidindən ibadətdən qayıdıram. Parkda otururam, nədənsə fikrim yenə də Ulu babalarımıza gedir. Bu anda məni düşüncələrimdən bir qadın səsi ayırır. Başımı qaldırıram qadın soruşur: Siz gürcüsünüz? Xeyr deyirəm. Bir anlıq nədən bu sualın ünvanlandığı məni düşündürür və anlayıram ki, məsciddən qayıtdığım üçün hicablıyam, xanım bundan dolayı soruşur. Gürcü qadını mənə sağlamlıq arzulayır və sağlamlığı ilə əlaqədar yardım istəyir. Qadına pul verirəm.
Düşüncələrimə qayıdıram. Parkın bir tərəfində Heydər Əliyevin büstü ucaldılıb. Ətrafı əklil və çiçəklərlə doludur. Qarşımdakı skamyada iki yaşlı gürcü kişi oturur. Gərgin söhbət gedir. Qaşqabaqlıdırlar, sifətləri ciddidir. Nəisə problemi müzakirə edirlər. Biraz aralıda turistlər balacalı-böyüklü sanki qatarla düzülmüş hamamların şəklini çəkirlər. Yandakı skamyada isə qoruxçu polis büzüşərək oturmuşdur. Yəqin parkın təhlükəsizliyini qoruyur. Amma yuxusuz görünür. Kaş insanların təhlükəsizliyi də belə qorunardı deyə düşünürəm. Parkın sakitliyindən  adamı yalnız şəhər yollarını o baş bu başa qət edən polis maşınlarının siqnalı ayırır. Göz oxşayan mənzərələrin əks tərəfində izdihamla dolu şəhər məni gözləyir. Sanki rahatlığa qərq olduğun bir aləmdən çıxıb, başqa bir qapı açaraq izdihamlı bir aləmə daxil olursan. Narın-narın yağan yağış dənələri yazı kitabçamı isladır... Artıq evə qayıtmalıyam.